Monteneqro – Adriatikin İncisi

Balkanların bu kiçik ölkəsi – Monteneqro – təbiət gözəllikləri, tarixi irsi və macəra dolu imkanları ilə hər bir səyahətçinin könlünü fəth edir. Orta əsr şəhərləri, füsunkar dağ mənzərələri, parlaq sahilləri və sakit gölləri ilə Monteneqro mədəniyyət, istirahət və ekstremal macəraların mükəmməl birləşməsini təqdim edir.

Budva – Monteneqro Rivyerasının ürəyi

Budva ölkənin ən məşhur sahil şəhəridir. Yayda rəngarəng çimərliklər və gecə həyatı ilə tanınsa da, cazibəsi bununla bitmir. Budvanın Qədim Şəhəri (Old Town) dar daş küçələri, qədim qala divarları və kiçik meydanları ilə orta əsrlərin ab-havasını qoruyur.

Budva sahilində, arxa planda Qədim şəhər və dağlar olan balerina heykəli.

Qədim Şəhərdən bir neçə dəqiqəlik məsafədə, Adriatik dənizinə üz tutmuş məşhur Balerina heykəli yerləşir.

Qayalar və şam ağacları arasında kiçik qayığı olan saf Adriatik suları.

Bu yer Budvanın ən çox şəkil çəkilən nöqtələrindən biridir və şəhərin qala divarlarına fon yaradır.

Sveti Stefan – Lüks adacıqlar diyarı

Budvadan qısa məsafədə yerləşən Sveti Stefan körpüvari yol ilə materikə birləşən, kartpostal gözəlliyində bir adadır.

Qumlu çimərliyi və firuzəyi suda üzən insanlarla birlikdə Sveti Stefan adası.

Bir vaxtlar balıqçı kəndi olan bu yer, bu gün dünya ulduzlarının və lüks istirahət sevənlərin seçdiyi eksklüziv məkandır. Adada qalmasanız belə, ətraf çimərliklərdən görünüşü izləmək və gün batımını seyr etmək unudulmazdır.

Tivat – Zərif marina şəhəri

Tivatda yerləşən Porto Montenegro – dünya səviyyəli marina kompleksi – lüks restoranlar, kafelər və butik mağazalarla əhatələnib. Burada dənizkənarı gəzintilər edə, təzə dəniz məhsullarından dada və gizli koylara səyahət üçün qayıq turlarına çıxmaq mümkündür.

Herceq Novi – Güllər şəhəri

Kotor körfəzinin girişində yerləşən Herceq Novi, yaşıl bağları, rəngli çiçəkləri və festivalları ilə tanınır. Venesiya, Osmanlı və Avstriya-Macarıstan memarlıq izləri şəhərin hər küncündə hiss olunur.

Lovćen Dağı – Hiking və möhtəşəm mənzərələr

Monteneqronun simvolik zirvələrindən biri olan Lovćen Dağı həm tarixi, həm də təbii gözəllikləri ilə məşhurdur. Milli Park ərazisində yerləşən bu dağda hiking marşrutları vasitəsilə zirvəyə qalxaraq, Adriatik dənizindən tutmuş Monteneqronun dağlarına qədər uzanan panoramik mənzərədən zövq almaq mümkündür. Burada yerləşən Njegoš məqbərəsi ölkənin mədəniyyət tarixində mühüm yer tutur.

Durmitor – Təbiətin möcüzəsi

Daxili bölgələrdə Monteneqro özünün başqa bir simasını göstərir. Durmitor Milli Parkı, UNESCO Dünya İrsi Siyahısında yer alan, dağ zirvələri, dərin dərələr və təmiz göllərlə dolu bir təbiət cənnətidir. Burada Tara çayı üzərində rafting etmək, Avropanın ən dərin kanyonlarından birində unikal təcrübədir.

Arxa planda dağlarla Qara göldə dayanmış taxta qayıqlar.

Parkda həmçinin Qara Göl (Crno Jezero) kimi buzlaq gölləri yerləşir. Sakit su səthi ətrafdakı dağları güzgü kimi əks etdirir.

Mamula Adası və Blue Cave – Dəniz macərası

Herceq Novi yaxınlığında yerləşən Mamula adası, tarixi qalası və strateji mövqeyi ilə diqqət çəkir. Adanın yaxınlığında yerləşən məşhur Blue Cave (Mavi Mağara) isə səyahətçilərə unikal bir təcrübə bəxş edir – günəş işığı suya vurduqda mağaranın içi parlaq mavi rəngə bürünür. Bu ərazi üzgüçülük və fotoqrafiya həvəskarları üçün ideal məkandır.

Ostrog Monastırı – Ruhani möcüzə

Monteneqronun dini və mədəni irsinin ən parlaq nümunələrindən biri – qayalıq üzərində inşa edilmiş Ostrog monastırı – Balkanların ən çox ziyarət edilən ibadətgahlarındandır. Buradan açılan mənzərə və sakit atmosfer hər ziyarətçini valeh edir.

Balıqçılıq, Mağaralar və Göllər

Sakit istirahət sevənlər üçün Monteneqro sahillərində ənənəvi balıqçı kəndləri, əfsanəvi mağaralar və piknik üçün əlverişli dağ gölləri var. Burada həm dincəlmək, həm də qayıq turları ilə yeni kəşflər etmək mümkündür.

Hər Zövqə Uyğun Səyahət

Romantik sahil şəhərləri, adrenalini yüksək rafting turları, dağlarda hiking və sakit göl kənarı istirahəti… Monteneqro bunların hamısını bir arada təqdim edir. Tarixi gözəllikləri, təbiət möcüzələri və qonaqpərvər insanları ilə bu ölkə hər bir səyahətçinin yaddaşında dərin iz buraxır.

Monteneqro Səyahətim – Dənizdən Dağlara Uzanan Təcrübə

Montenegro turum Budvada başladı. Dəniz kənarında rahat bir otel seçdim və şəhərin kiçik olması sayəsində hər yerə piyada getmək mümkün idi. Çimərliklər çox təmiz, dəniz suyu isə şəffaf və mavilərin ən gözəl tonundaydı. Buradakı sahillərin hamısı əhaliyə açıq olduğundan istənilən yerdən dənizə girmək mümkündür.

Budva – Tarix və Dəniz

Şəhərdə ilk olaraq Qədim Şəhəri (Old Town) gəzdiyimdə dar küçələr və qala divarları məni sanki keçmişə apardı. Ardınca məşhur Balerina heykəlini gördüm və ordan Mogren Beach-ə keçdim. Mogrenin mavi sulara açılan buxtası isə sadəcə möhtəşəm idi. Orda mütləq çimməlisiniz.

Budvadan çoxlu gəmi turları təşkil olunur. Mən də onlardan birinə qoşularaq Kotor və Herzeg Novi, Tivat şəhərinı gəzmiş oldum. Hər şəhər öz tarixi və memarlığı ilə bir-birindən fərqlənirdi. Qayıdan yolda məşhur mağara Blue Cave-i də gördük. Blue Cave-də üzmək səyahətimin ən unudulmaz anlarından biri oldu. Tur zamanı başqa kiçik adacıqlarda dayanmaq fürsətimiz də oldu.

Sveti Stefan və Xüsusi Anlar

Budvaya qayıtdıqdan ertəsi gün planımda Monteneqronun simvolu olan Sveti Stefanı görmək vardı. Bəxtim gətirdi ki, adanın qarşısında yerləşən məşhur və ən bahalı çimərlik bir müddətlik pulsuz idi. Mən də fürsəti qaçırmadım və orada bütün günümü dincələrək keçirdim.

Bir gün isə gəmi ilə 1 günlük balıqçılıq turuna çıxdım. Gəmi bizi yaşayış olmayan adaya apardı və balıqçılar bizə yerindəcə təzə balıq bişirdilər. Bu, Monteneqro səyahətimin ən ləzzətli və unudulmaz xatirələrindən biri oldu.

Monteneqronun Şimalı – Dağların Sehrində

Bir gün Monteneqronun şimalına yollandım. Yerlilər deyir ki, əsl Monteneqronu görmək istəyirsənsə, dağlara getməlisən. Və mən də bu sözlərin həqiqət olduğunu gördüm. Maraqlı bir fakt öyrəndim – Avropanın ən hündür boylu insanları məhz monteneqrolulardır.

Dağlarda kişi monastırını ziyarət etdim. Tarixi, adət-ənənələri və inancları çox maraqlı idi. Ən məşhur monastır isə şübhəsiz Ostrogdur. Ora getmədim, yolu çox çətindir və ziyarətçilərin çox olan dönəmi idi. Ostrog kişi monastrı Balkanların ən çox ziyarət edilən ibadətgahlarındandır. 

Macəra və Təbiət

Monteneqro həm istirahət, həm də aktiv tətil üçün ideal ölkədir. Hiking üçün Lovćen Dağı, qayıqla üzmək üçün Durmitor gölü, rafting üçün isə sıldırım dağların arasından axan çaylar gözəl seçimdir. Mən gördüklərimin yalnız bir qismini yaşadım, amma bilirəm ki, bu ölkə hələ çox sirr saxlayır.