Bu proqram, təkcə yeni startap ideyalarını dəstəkləməklə kifayətlənmir, həm də regional əməkdaşlığı gücləndirir. Bakı turizm sektorunun inkişafında rəqəmsal texnologiyaların və davamlılıq prinsiplərinin rolu getdikcə artır. Bu proqram da məhz bu sahələrdə innovativ həllərin ortaya çıxmasına təkan verir. Proqramın açılışında çıxış edən Baku Holiday Travelşirkətinin direktoru Ramil Rzayev, bu cür təşəbbüslərin ekosistemin inkişafı üçün nə qədər vacib olduğunu vurğuladı. O, Baku Holiday Travel adından iki startap layihəsinə hər biri 1000 AZN dəyərində səyahət vauçeri hədiyyə etdi. Bu vauçerlər gənc sahibkarların işgüzar səyahətlərini və beynəlxalq əlaqələrini dəstəkləmək məqsədi daşıyır.
10 ölkədən 39 tərəfdaş təşkilatı və 5 vençur fondu ilə əməkdaşlıq edən bu möhtəşəm proqram, Azərbaycanı regional innovasiya mərkəzinə çevirmək potensialına malikdir. Proqram çərçivəsində Azərbaycan, Türkiyə, Pakistan, Qırğızıstan, Gürcüstan və Cənubi Koreyadan 126 startap layihəsi təlim və mentorluq sessiyalarında iştirak edəcək. Bu da o deməkdir ki, gələcəkdə həm rəqəmsal turizm, həm də digər sahələrdə bizi yeni, yaradıcı ideyalar gözləyir.
Baku Holiday Travel olaraq bu proqramın bir hissəsi olmaqdan və gələcəyin sahibkarlarına dəstək verməkdən məmnunuq. İnanırıq ki, “Yaşıl və Rəqəmsal İpək Yolu” təşəbbüsü Azərbaycanda startap ekosisteminin daha da möhkəmlənməsinə və qlobal bazarlara inteqrasiyasına böyük töhfələr verəcək.