

- 680 oxundu
- 23.09.2025 00:06
8 Ən Yaxşı Bakı Ticarət Mərkəzi: Lüksdən Outletə
İnternetdə Bakının ticarət mərkəzləri (Mall’lar) haqqında yazılmış məqalələr barmaqla sayılacaq qədər azdır.
Onların da demək olar ki hamısı süni intellekt tərəfindən yazılıb və bu səbəbdən saysız-hesabsız yanlış məlumatlarla doludur.
Məhz buna görə qərara gəldik ki, sizlər üçün həm dolğun, həm real (dezinformasiyasız), həm də oxunaqlı bir mətn hazırlayaq: Bakıdakı 8 ən yaxşı ticarət mərkəzindən ibarət bir siyahı - həm “lüks”, həm də "outlet" tipli ticarət mərkəzləri haqqında.
Bakıya yeni gələn hər kəs üçün bu siyahı, ən uyğun ticarət mərkəzini seçməyə kömək edəcək.
Qeyd: Siyahıya daxil olunan 7 ticarət mərkəzinin hamısı şəhər mərkəzinə yaxın ərazilərdə yerləşir. Uzaq, unudulmuş məhəllələrdə olanlar hələ ki, siyahıda yoxdur.
#1. Crescent Mall: Ən yeni
Ünvan: Neftçilər prospekti 68
İş saatları: Mağazalar: 10:00 – 22:00, Supermarket: 09:00 – 23:00, Restoranlar: 10:00-dan gec saatlara qədər
Crescent Mall 2024-cü ilin mayında açılıb və Bakı ticarət mərkəzləri arasında həm ən yenisi, həm də ən lükslərindən biridir. Şəhərin ən prestijli bölgəsində, Dənizkənarı Bulvara çox yaxın yerdə yerləşir.

Ümumi icarə sahəsi 38,825 m² olan bu ticarət mərkəzində 1,200 maşınlıq 3 mərtəbəli parkinq mövcuddur.
İçərisində 100-dən çox geyim, qastronomiya, uşaq əyləncəsi (3-cü mərtəbədə Curve Bowling kimi), sağlamlıq (5-ci mərtəbədə Befit fitness klubu və Hamam-Bath), və digər sahələrə aid mağazalar fəaliyyət göstərir.
Bundan əlavə, ticarət mərkəzinin qarşısında açıq terras, restoran və hər saat başı (15:00-dan 21:00-a kimi) musiqili fəvvarə və lazer şousu var.
Gecə seyr etmək daha maraqlıdır, çünki lazer effektləri öz gözəlliyini məhz o vaxt tam göstərir.
Crescent Mall-da təqdim olunan xidmətlər arasında elektrik avtomobilləri üçün şarj stansiyaları, pulsuz Wi-Fi, bankomatlar, əlil arabaları, ibadət otağı, uşaq üçün bez dəyişmə yerləri və s. var.
Ümumilikdə 6 mərtəbəli bu ticarət mərkəzində aşağıdakı tanınmış brendlər yer alır:
Calvin Klein, Massimo Dutti, Lacoste, ZARA, Ramsey, Jimmy Key, McDonald's, KFC, Starbucks və daha çoxu.
Hər brendin hansı mərtəbədə olduğunu bilmək üçün ticarət mərkəzinin xəritəsinə baxa bilərsiniz.
Qısacası, əgər həm lüks alış-veriş həvəskarısınızsa, həm də eyni məkanda yemək, əyləncə və istirahət axtarırsınızsa, bu ticarət mərkəzi istəklərinizə böyük ölçüdə cavab verəcək.
Unutmadan qeyd edək ki, alış-verişdən sonra yaxınlıqda yerləşən Mirvari kruizilə gəmi turuna çıxa bilərsiniz.
#2. Port Baku Mall: Ən lüks
Ünvan: Neftçilər prospekti 151
İş saatları: Mağazalar: 10:00 – 22:00, Supermarket: 08:30 – 23:00, Restoranlar: 10:00 – 23:00
Port Baku Mall Crescent Mall-a yaxın yerləşir – Neftçilər prospektinin qarşı tərəfində, bir az şimaldadır. Onun qərbində JW Marriott Absheron oteli yerləşir (Bakıdakı ən yaxşı 5 ulduzlu otellərdən biri), azacıq şərqdə isə Müasir İncəsənət Muzeyi var.

Yəni bu ticarət mərkəzinin ünvanı Bakının elit təbəqəsinin, zəngin iş adamlarının və dünyaca məşhur qonaqların gəzdiyi ərazidədir.
Bu da onu Bakı ticarət mərkəzləri arasında ən lüks edən amildir.
Amma “lüks” deyəndə qorxmaq lazım deyil, çünki burada endirimli məhsullar da tapmaq olur.
2014-cü ildə istifadəyə verilən Port Baku Mall-ın ümumi sahəsi 31,887 m²-dir və 3 mərtəbədən ibarətdir. Daxilində kifayət qədər zəngin brend seçimi var:
Hugo Boss, Rolex, Jimmy Choo, Giorgio Armani, Dolce & Gabbana, Balenciaga, Burberry, Gerry Weber və s.
Düzünü desəm, bu qədər prestijli brendi bir arada yalnız burada görə bilərsiniz.
Üstəlik, 1-ci mərtəbədə Port Baku Bazar yerləşir – Bakının ən lüks ərzaq dükanı.
Qiymətlər Londondakı Fortnum & Mason və ya Harrods qədər baha deyil.
Alış-verişdən sonra Gloria Jean’s, The Hunger və digər restoran və kafelərdə də dincələ bilərsiniz.
Nəhayət, burada 400 avtomobil tutumlu parkinq var. Qiyməti də olduqca sərfəlidir – saatı cəmi 1 AZN (60 sent).
Hər mərtəbədə nələr olduğunu görmək üçün mall’ın xəritəsinə baxa bilərsiniz.
#3. Ganjlik Mall: Ən böyük
Ünvan: Fətəli Xan Xoyski küçəsi 14
İş saatları: Mağazalar və restoranlar: 10:00 – 22:00, Supermarket: 09:00 – 23:00, Kinoteatr: Son seansa qədər
Üçüncü, və mənim şəxsi favoritim olan ticarət mərkəzi "Gənclik Mall"dır. 2016-cı ildə istifadəyə verilmişdir. Məkan baxımından Tofiq Bəhramov stadionunun bir neçə addımlığında yerləşir.

Bu ticarət mərkəzini digərlərindən fərqləndirən əsas xüsusiyyət - əlçatanlığıdır.
Səbəb isə odur ki, Gənclik metro stansiyasından ticarət mərkəzinə birbaşa keçid var. Sərnişin metrodan çıxıb birbaşa -1-ci mərtəbədən içəri girir.
Ganjlik Mall-ı fərqləndirən başqa bir cəhət isə onun nəhəng sahəsidir – ümumi icarə sahəsi 47,216 m²-dir. Bu da onu Bakı ticarət mərkəzləri arasında ən böyüyü edir.
Cəmi 4 mərtəbədən ibarət olan bu ticarət kompleksi demək olar ki, bir insana lazım olan hər şeyi təqdim edir.
Məsələn:
-1-ci mərtəbədə aptek, supermarket və bank;
1-ci və 2-ci mərtəbələrdə geyim mağazaları;
3-cü mərtəbədə isə böyüklər və uşaqlar üçün yemək və əyləncə zonaları yerləşir.
Ətraflı məlumat üçün interaktiv xəritəyə baxmaqda fayda var.
Burada fəaliyyət göstərən brendlər daha təvazökar səviyyədədir – yəni Port Baku və Crescent Mall ilə müqayisədə daha münasib və əlçatandır. Məsələn:
Mango, Penti, ZARA, Go Sport, Skechers, Bershka, Calliope, Colin’s və s.
Avtomobil üçün nəzərdə tutulan parkinq sahəsi də kifayət qədər böyüklükdədir – 1,000 maşınlıq.
Qısası, brendlərə çox pul xərcləmək istəməyən, lakin keyfiyyətli və münasib qiymətli alış-veriş arayanlar üçün Ganjlik Mall ən yaxşı seçimdir. Və bu səbəbdən də Bakının ən çox ziyarət edilən ticarət mərkəzidir.
#4. 28 Mall: Ən izdihamlı
Ünvan: Azadlıq prospekti 4, 15a
İş saatları: Mağazalar və restoranlar: 10:00 – 22:00, Supermarket: 09:00 – 22:00, Kinoteatr: 10:00-dan gec saatlara qədər
28 Mall, 2012-ci ildə açılmış və “əsl ticarət mərkəzi” adını tam haqq edən ilk komplekslərdən biridir. Yəni, Bakı ticarət mərkəzləri arasında ilk nəsil sayılır.

Əvvəlkilərlə müqayisədə sahəsi təxminən yarı qədər olsa da (24,374 m²), onun əsas üstünlüyü – şəhərin düz mərkəzində yerləşməsidir.
Ən vacibi: "28 May" metro stansiyasından çıxanda, ticarət mərkəzi sağ tərəfdədir. Yerləşməsi çox əlverişlidir.
70-dən çox mağaza fəaliyyət göstərir. Burada hər şey var: Aksessuardan elektronika və kitaba, ətirdən tekstilə, qızıl-zinət və aptekə qədər.
28 Mall’ın mağazaları, Ganjlik Mall-dakı kimi orta seqmentdir.
Başqa sözlə desək, bu alış-veriş kompleksi outlet tərzindədir. Aşağıdakı brendləri orada asanlıqla tapa bilərsiniz:
New Yorker, Aldo, Next, Calzedonia, Pull & Bear, Hummel, Stradivarius, Greyder və s.
Bundan əlavə, 3-cü və 4-cü mərtəbələrdə qəlyanaltı və içki üçün kafelər, restoranlar yerləşir.
Bu ticarət mərkəzində 2 mərtəbəli avtodayanacaq da var və 300-dən çox avtomobili eyni anda qəbul edə bilir.
#5. Dəniz Mall (Caspian Waterfront Mall): Ən zərif
İş saatları: 10:00 – 23:00
Azərbaycanca “Dəniz Mall”, ingiliscə isə “Caspian Waterfront Mall” adlanan bu ticarət mərkəzi öz memarlıq üslubu ilə seçilir. 2020-ci ildə açılıb və dizaynında həm Azərbaycanın gerbindəki səkkizguşəli ulduzdan, həm də vaxtilə Bulvarın incisi sayılan “Mirvari” kafesindən ilhamlanıb.

Görünüşcə, bir qədər Sidneydəki Opera Evini xatırladır.
Dəniz Mall-ın ən üstün cəhətlərindən biri yerləşdiyi məkandır. Buradan Bakının əsas görməli yerlərinə, məsələn, Dağüstü Parka, “Şeytan təkərinə”, Mini Venesiyaya piyada getmək mümkündür.
Burada alış-verişdən və istirahətdən sonra Azərbaycan Xalça Muzeyinə baş çəkib qədim Azərbaycan xalça nümunərini də görə bilərsiniz.
Ümumi icarə sahəsi 40,737 m² olan bu kompleksdə 85-dən çox dünyaca məşhur brend və beynəlxalq restoran fəaliyyət göstərir.
Dəniz Mall’ı fərqləndirən əsas cəhət - burada əyləncə imkanlarının digər Bakı ticarət mərkəzlərindən qat-qat çox olmasıdır.
4-cü və 5-ci mərtəbələr tamamilə əyləncə üçün ayrılıb – burada Karting, Sky Park, Kinderland və başqa maraqlı atraksiyonlar var.
Brend mağazalar arasında isə bunları görə bilərsiniz:
Nike, Swatch, Suwen, Pandora, Original Marines və digərləri.
Daha geniş məlumat üçün Caspian Waterfront Mall kataloquna baxın.
#6. Park Bulvar Mall: İlk mall
Ünvan: Neftçilər prospekti 78
İş saatları: 10:00 – 22:00
Park Bulvar Mall, Bakıda rəsmi şəkildə “mall” adını alan ilk ticarət mərkəzlərindən biridir. 2010-cu ildə açılıb və 41,5 milyon ABŞ dollarına başa gəlib. İndi, 15 il sonra bəlkə bir az kiçik görünür, amma açıldığı dövrdə o, Bakı ticarət mərkəzləri arasında ən yaxşısı sayılırdı.

Etiraf edim, uzun müddətdir bu mərkəzə girməmişəm, amma hər gün yanından keçirəm.
Dediyim kimi, digərlərinə nisbətən bir qədər kiçikdir – təxminən 17,000 m².
Buna baxmayaraq, ölçüsünə görə parkinq sahəsi olduqca yaxşıdır – eyni anda təxminən 550 avtomobil yerləşə bilir.
Bu ticarət mərkəzi sadəcə alış-veriş yeri deyil. Burada istirahət etmək, yemək yemək, musiqi dinləmək və yeni filmlərə baxmaq mümkündür – tam klassik “mall” atmosferi.
Park Bulvar Mall-da fəaliyyət göstərən brendlər arasında bunlar var:
Adidas, Ray Ban, Tommy Hilfiger və s.
1-ci mərtəbədə Azərbaycan Sənaye Bankı da yerləşir – valyuta mübadiləsi üçün əlverişlidir.
Əlavə məlumat üçün mall’ın sxeminə baxa bilərsən.
3-cü və 4-cü mərtəbələrdə müxtəlif dünya mətbəxləri ilə yanaşı, milli Azərbaycan yeməklərini də dadına bilərsiniz. Park Bulvar ticarət mərkəzində fəaliyyət göstərən restoranlar Bakı ticarət mərkəzləri arasında ən yaxşısı sayılır.
#7. Amburan Mall: Açıq-hava ticarət mərkəzi
Ünvan: Zaqülba prospekti 337
İş saatları: 09:00 – 22:00
İndi isə şəhər mərkəzindən xeyli uzaqlaşırıq – Bilgəhdə yerləşən Amburan Mall-a keçirik. Bu ticarət mərkəzi Abşeron yarımadasının şimal ucunda, sanki “qartalın dimdiyinin” sonundadır.
Villa-üslublu ticarət zonasını siyahıya ona görə salırıq ki, ola bilər kimsə dənizə gedəndən sonra uşaqları ilə birlikdə əylənmək, yemək yemək və vaxt keçirmək üçün belə bir “hər şey bir yerdə” məkan axtarsın.

2016-cı ildə açılan Amburan Mall ümumi icarə sahəsi cəmi 7,202 m² olan kiçik bir ticarət mərkəzidir.
İlk baxışdan Yunanıstan və ya Havay adalarında yerləşən, sahil kənarındakı o gözəl ticarət komplekslərini xatırladır.
Bu üslubu onu siyahıda olan digər Bakı ticarət mərkəzlərindən fərqləndirir. Daxili zonaları olsa da, əsas özəlliyi – açıq havada yerləşməsidir.
Amma Amburan Mall-ı digərlərindən fərqləndirən əsas məqam “Amburan Kids” adlı ayrıca bir sahəyə malik olmasıdır. Bu, uşaqların inkişafı və əylənməsi üçün yaradılıb.
Burada müxtəlif yaş qruplarına uyğun oyun zonaları mövcuddur: Sweet City, Builder City, Bono Bourg, Motor City və s.
Təbii ki, burada məşhur brend mağazalar yoxdur – bu, yerləşdiyi yerə görə başa düşüləndir.
Əgər siz də dəniz həvəskarısınızsa, körpələriniz varsa və s., bu kompleksə baş çəkmək düzgün seçim ola bilər.
#8. Metropark Shopping Mall: Ən sərfəli
Ünvan: Təbriz küçəsi 106a
İş saatları: 10:00 – 22:00
Yenidən Bakı şəhərinə qayıdırıq – və 28 Mall-la eyni ildə, 2012-ci ildə açılmış Metropark Shopping Mall-a keçirik. Əvvəllər daha dəbdəbəli olsa da, bu gün, yenə də yerləşdiyi ərazi sayəsində ən yaxşı alış-veriş nöqtələrindən biri olaraq qalır.

Kompleks ümumilikdə 7 mərtəbədən ibarətdir və digər Bakı ticarət mərkəzləri ilə müqayisədə oxşar brendləri və xidmətləri təqdim edir.
Metropark Shopping Mall-dakı bəzi brend mağazalar:
Koton, LC Waikiki, Mango, adL, Pink və s.
4-cü və 5-ci mərtəbələr tamamilə uşaqlara həsr olunub – istər geyim, istər əyləncə sahəsində. 7-ci mərtəbə isə restoranlar üçün ayrılıb.
Daha ətraflı baxmaq üçün mərtəbə planı-na nəzər yetirə bilərsiniz.
Üstəlik, burada parkinq ən sərfəli qiymətlərlə təklif olunur – ilk 30 dəqiqə tamamilə pulsuzdur. Ümumi parkinq sahəsi təxminən 350 avtomobil üçündür.
Bakının ən yaxşı ticarət mərkəzləri haqqında məlumat bu qədər idi. Ümid edirəm ki, bu bələdçi siyahı sizə unikal alış-veriş, əyləncə və istirahət təcrübəsi bəxş edəcək.
Yeni mərkəzlər kəşf etdikcə, bu yazını yeniləməyə davam edəcəyəm.
Bakıda xoş və uğurlu alış-verişlər!
Rəy Yazın